Uşaq folkloru
Uşaq folkloru — uşaq folkloru nəsr, qiraət, mahnı və oyun əsərlərindən ibarət çox janrlı bir sistemdir. Uşaq folkloru dedikdə, hər şeydən əvvəl, şifahi xalq yaradıcılığının böyüklər və uşaqlar tərəfindən yaradılan elə nümunələri nəzərdə tutulur ki, uşaqların məişətini, oyunlarını, əyləncəsini, istirahətini, məşğuliyyətlərini, istəklərini, arzularını ifadə etsin və əhatə etdiyi mövzuları, ideyaları, forması, məzmunu, üslubu, hətta sözlərin seçilibdüzülməsi, ifadə tərzi körpələrin zövqünə, biliyinə, dünyaya baxışına, yaş səviyyəsinə, psixikasına uyğunlaşdırılsın.
Azərbaycan uşaq folklorunun tarixi kökləri ən əski inamlarla bağlanır. Birbaşa körpələrə ünvanlanan nəğmələr xalq poetik yaradıcılığının ilk ünsürləri- fallar, alqışlar, qarğışlar, dualar, yuxuyozmalarla yaşıddır. Uşaqlara təbii qüvvələrdən, fəlakətlərdən (soyuqdan, istidən, tufandan, yanğından), xəstəliklərdən qorunmağın, maddi nemətlər əldə etməyin yollarını göstərmək, yırtıcı heyvanların və yağıların qəfil hücumları zamanı ov alətlərindən, silahlardan istifadə etmək bacarığını aşılamaq folklor vasitəsi ilə həyata keçirilmişdir.
Azərbaycan folklorunun uşaqlarla bağlı inanclarının ən əski yazılı mənbəsi "Avesta" və Herodotun "Tarix" kitabıdır. Astiaq və Tomiris haqqında xalq söyləmələri əsasında tarixi hadisələri qələmə alan yunan tarixçisi Azərbaycanda (Midiyada) uşağın doğulması, bəslənməsi, oyunları, dünyabaxışı barədə maraqlı epizodlara müraciət etmişdir.
Uşaq folkloru həm uşaqların öz yaradıcılığını, həm də böyüklər tərəfindən uşaqlar üçün tərtib edilmiş əsərləri əhatə edir. Bu bölgü uşaqların oyun və ritmik-intonasiya bacarıqlarının yaşdan asılı olması səbəbindən meydana gəlir. Erkən yaşda (doğuşun ilk günlərindən 3–3,5 yaşına qədər) bir uşağın emosional, motor və zehni inkişafı tamamilə böyüklərdən asılıdır.